Aparılan islahatlarla yanaşı Türkiyə xarici siyasətində də hiss olunacaq dərəcədə dəyişiklər edərək regionda problemli məsələlərin həllində vasitəçiyə çevrildi. Suriya-İsrail, İsrail-Livan, Fələstin –İsrail və Pakistan-Əfqanıstan dialoqunun başlanması məhz Ankaranın xarici siyasətinin bəhrəsidir. 2008-ci ildə İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatlar İsrail-Türkiyə münasibətlərinə rəsmi olaraq təsir etməsə də Ankaranın regionda mövqeyini daha da gücləndirdi. Türkiyənin Baş Nazri Ərdoğan “Yaxşı dost səhvi üzə deyər” məsəlinə əsaslanaraq, Davosda İsrail prezidenti Peresi Qəzzədə keçirilən hərbi əməliyyatlara görə sərt tənqid etdi. Ərdoğan Qəzzə hadisələrinə münasibət bildirərkən, İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini vürğuladı. Ərdoğan bu addımı ilə Türkiyəni İslam dünyasının qəhrəmanına çevirdi. Çünki heç kim İsrailin Yaxın Şərqə ən sadiq müttəfiqi olan Türkiyədən belə bir addım gözləmirdi. Türkiyə İslam dünyasının yeganə ümidinə çevrildi. Çünki Qəzzə hadisələri ərəb dövlətlərinin Fələstin probleminin həllində nə qədər səmimi olduğunu göstərdi. May ayında İraqdakı Mehdi Ordusunun lideri Müqtəda əl-Sədrin Ankaraya gəlməsi, ABŞ prezidenti Barak Obamanın ilk müsəlman ölkəsi kimi Türkiyəyə səfər etməsi və ABŞ-ın PKK terror təşkilatına qarşı mübarizdə Türkiyəyə tam dəstək verməsi Ankaranın regionda rolunun önəmli olmasına olan şübhələri ortadan qaldırdı. --